CƏMİYYƏT
BŞİH Nəsimi rayonunda məktəb yaxınlığında aparılan tikinti işlərinin dayandırılması ilə bağlı məlumat yayıb
![BŞİH Nəsimi rayonunda məktəb yaxınlığında aparılan tikinti işlərinin dayandırılması ilə bağlı məlumat yayıb](/files/2019/3/1200x630/15722606344202817788_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bununla əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb. Komissiyanın üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar.
Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə ayrılıb.
Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Buna görə də tikinti işlərinin məktəbə çox yaxın yerdə aparılması və ictimai maraqlar əsas tutularaq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş Sərəncam ləğv edilib.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.