REGİONLAR
Bu il Yevlax rayonunun Kürqırağı ərazilərində 100 hektar yeni meşə və meyvə bağı salınıb
Yevlax, 29 dekabr, AZƏRTAC
2018-ci ildə Yevlax rayonunun Kürqırağı ərazilərində 100 hektar yeni meşə və meyvə bağı salınıb.
Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Varvara, Qaraoğlan və Cırdaxan meşəbəyliklərində 22 hektarda salınan meşələrə əsasən 48 min 900 ədəd tut, göyrüş, sərv, palıd, şam, tuya, 78 hektar meyvə bağında isə 39 min ədəd ərik, nar, qoz və tut ağacları əkilib.
Kökləndirmək üçün 3 hektarda 116 min ədəd nar qələmi basdırılıb, 1,5 hektarda (54 min ədəd) tuya, şam, sərv ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. Baramaçılığın inkişafı məqsədilə rayon ərazisində əkilməsi üçün 20 min ədəd tut tingi ayrılıb. Ting yetişdirilməsi üçün 4 hektarda tut, ərik, alma, meliya, göyrüş, ağcaqayın toxumları səpilib. 121 kiloqram toxum tədarük olunub.
Yeni meşələrin və meyvə bağlarının salınması 2019-cu ildə də davam etdiriləcək.