Budapeşt və Bakı “yaşıl” enerji sahəsində əlaqələri genişləndirir
Budapeşt, 19 sentyabr, AZƏRTAC
Macarıstan mətbuatı ölkənin xarici işlər və ticarət naziri Peter Siyyarto ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bu yaxınlarda baş tutmuş telefon danışığını işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Macarıstan KİV-in yazdığına görə, Budapeşt bərpaolunan mənbələrdən istifadə olunmaqla istehsal edilən elektrik enerjisinin tədarükü üzrə Azərbaycanın təşəbbüsünə birləşməyə hazırdır. Bu barədə danışıqlar başa çatdıqdan sonra Macarıstanın xarici siyasət idarəsinin başçısı Peter Siyyarto xəbər verib.
“Nepsava” qəzeti Azərbaycanın sualtı kabellə Gürcüstana, daha sonra Rumıniyaya çatdırılacaq böyük həcmdə ekoloji təmiz elektrik enerjisinin istehsal edəcəyi barədə nazirin sözlərindən sitat gətirir. “Biz Macarıstanın bu irimiqyaslı plana qoşulacağı barədə razılıq əldə etmişik. Çünki layihənin Avropa İttifaqı tərəfindən dəstəklənməsi üçün ən azı iki üzv dövlət layihədə iştirak etməlidir”, - deyə Siyyarto ölkəsinin planlarını qabaqcadan elan edib.
O, əminliyini bildirib ki, Macarıstan Azərbaycandan aldığı “yaşıl” elektrik enerjisinin bir hissəsindən özü istifadə edə bilər, qalan hissə üçün isə tranzit ölkəyə çevrilərdi. İnvestisiyalar reallıqda 3-4 il ərzində icra ola və tamamilə yeni tədarük mənbəyi sayəsində və ölkənin karbon tullantılarının sıfra çatdırılması hədəfinə yaxınlaşması sayəsində Macarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə bilərdi”.
Macarıstanlı nazir sonda deyib: “Biz tezliklə saziş layihəsini alacağıq və üst-üstə düşən maraqları nəzərə almaqla, detalları sürətlə tərtib edəcəyik”.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt