BUNDESTAQIN QAFQAZ ÖLKƏLƏRİ İLƏ ƏMƏKDAŞLIQ QRUPU SƏDRİNİN MÜAVİNİ AZƏRBAYCAN SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Cənab Yörq Tauss Almaniya parlamentində Sosial Demokrat Partiyası fraksiyasının elm, tədqiqat və təhsil məsələləri üzrə məruzəçisi, Qafqaz parlament qrupu sədrinin müavinidir.
Səfir Hüseynağa Sadıqov cənab Taussa Azərbaycanın dövlətçilik tarixi, xalqımız, ölkəmizin müasir həyatı haqqında məlumat vermiş, respublikada aparılan islahatlardan, siyasi, iqtisadi və humanitar sahələrdə baş vermiş köklü dəyişikliklərdən danışmışdır.
Səfir ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi və səbəbləri, Azərbaycan rəhbərliyinin münaqişəni dinc yolla həll etmək istiqamətində göstərdiyi səylər barədə ətraflı məlumat vermişdir. O, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı Azərbaycan rayonlarının işğal edildiyini, bir milyon soydaşımızın yurdlarından didərgin düşərək, əksəriyyətinin çadır düşərgələrində dözülməz şəraitdə yaşadıqlarını bildirmiş, onların vəziyyəti ilə əyani tanış olmaq üçün müsahibinə ölkəmizə səfəri zamanı bu düşərgələrdən birinə baş çəkməyi, Şəhidlər xiyabanını ziyarət etməyi məsləhət görmüşdür.
Ətraflı məlumata görə təşəkkür edən cənab Tauss ölkəmizə ilk səfəri çərçivəsində mütləq çadır düşərgələrinə və Şəhidlər xiyabanına gedəcəyini, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin, Almaniya Akademik Mübadilə Xidmətinin Bakıdakı büroları və Almaniyanın Azərbaycandakı səfirliyi ilə əlaqə yaradaraq respublikamız, Dağlıq Qarabağ münaqişəsi barədə müfəssəl məlumat əldə etməyə çalışacağını bildirmişdir.
Cənab Tauss Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının perspektivləri ilə də maraqlanmışdır.
Səfir müsahibinin suallarına cavab vermiş, ona Azərbaycan haqqında kitablar bağışlamış, Bakıya səfəri çərçivəsində arzu etdiyi görüşlərin təşkil olunması ilə əlaqədar xahişlərini müvafiq qurumlara çatdıracağını bildirmişdir.