MƏDƏNİYYƏT
Bütün ekskursiya boyu diqqət və qayğı ilə əhatə olunduq
Xaçmaz, 22 avqust (AZƏRTAC, Elxan Yusifli). Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyamız yekunlaşır. Dörd gündür ki, bir-birindən maraqlı məkanlara ekskursiya edirik. Tur-aksiyanın proqramı elə tərtib edilib ki, qısa müddətdə ekskursiya etdiyimiz hər bir rayonun əsas görməli yerləri ilə yaxından tanış ola bildik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Mingəçevir şəhər 14 nömrəli məktəbin XI sinif şagirdi Təranə Rüstəmova dedi. Məktəbli bildirdi ki, ölkəmizin şimal bölgəsinə səfər zamanı gəzdiyimiz rayonların hər biri haqqında zəngin məlumat əldə etdik. Quba Soyqırımı Memorial Kompleksində, “Şahdağ” Qış-Yay Turizm Kompleksində isə yenidən olmaq istərdim. Dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən bu tur-aksiyada iştirak etdiyimə görə çox sevinirəm. Biz bütün ekskursiya boyu diqqət və qayğı hiss etdik. Macəra dolu bir səfər oldu. Bizdən sonra Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya gələcək məktəblilərə demək istərdim ki, narahat olmayın, bu yerlərdə olarkən qətiyyən darıxmayacaqsınız”.