İQTİSADİYYAT
BVF-in rəhbəri: Qlobal iqtisadi artım qarşıdakı 5 ildə son 33 ilin ən aşağı səviyyəsində olacaq
Bakı, 6 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) icraedici direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal iqtisadi artım qarşıdakı 5 il ərzində son 33 ilin ən aşağı səviyyəsində olacaq. O, ölkələri qlobal ziddiyyətlərə səbəb ola biləcək iqtisadi parçalanmaya son qoymağa və istehsalı artırmaq istiqamətində addımlar atmağa çağırıb.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, BVF-in rəhbəri cari ildə qlobal artımın 3 faizdən də aşağı olacağını bildirib. O, Dünya Bankının iclasında təqdim etdiyi “İnkişafa aparan yol: Üç mühüm amil” adlı məruzəsində qlobal iqtisadiyyatın 2021-ci ildə müsbət nəticələr göstərdiyini, lakin Rusiyanın Ukraynadakı müharibəsindən sonra təqribən 50 faiz geriləyərək 6,1 faizdən 3 faizə endiyini bildirib. K.Georgiyeva vurğulayıb: “İnki.af etmiş iqtisadiyyatlarda istehsal və istehlakçı fəallığında müsbət tendensiyalara, habelə Çində pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qalxmasına baxmayaraq, bu il qlobal iqtisadi böyümə 3 faizdən artıq olmayacaq”. O əlavə edib ki, ABŞ və Avropada iqtisadi fəaliyyətin yavaşlaması prosesi davam edir, yüksək faiz dərəcələri bu prosesi sürətləndirir. Bu ökələrin 90 faizində iqtisadi geriləmə gözlənilir. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında müəyyən tərəqqi müşahidə olunur, eyni zamanda, Çin və Hindistan cari ildə qlobal iqtisadi artımın 50 faizə qədərini təmin edəcək.
BVF-in rəhbəri qeyd edib ki, aşağı gəlirli ölkələrdə borcların artması, ixracata yönəlmiş tələbatın azalması şəraitində adambaşına düşən milli gəlir azalır. O əlavə edib ki, COVID-19 pandemiyası ilə başlayan yoxsulluq və aclıq böhranı daha da dərinləşəcək. “Hazırda güclü pul siyasəti, getdikcə artan geosiyasi gərginlik və inflyasiyanın səviyyəsinin artması qlobal iqtisadiyyatda inkişafı əngəlləyir. Bütün bu problemləri həll etmək üçün ən vacib amillər inflyasiya ilə mübarizə, maliyyə sabitliyinin qorunması, qiymətlərin sabitləşməsidir. Mərkəzi bankların faiz dərəcələrini artırması fonunda bir çox ölkədə inflyasiyanın səviyyəsi də artmaqda davam edir. ABŞ və İsveçrədə bank sektorunda son aylar baş verən mənfi proseslər pessimist meyilləri daha da gücləndirib. Bununla belə, 2008-ci ilin maliyyə böhranı ilə müqayisədə banklar daha dayanıqlı görünür və əvvəlki illərə nisbətən çevik davranır”, -deyə o vurğulayıb.
K.Georgiyeva diqqətə çatdırıb ki, qeyri-bank sektorunda da vəziyyət yaxşı deyil. Maliyyə təzyiqlərinin yüksək olduğu bir şəraitdə mərkəzi banklar inflyasiya ilə mübarizədə daha fəal rol oynamalıdır. Digər tərəfdən, iqtisadiyyatda köklü islahatlar və rəqəmsal inqilabı sürətləndirmək yolu ilə iş şəraiti yaxşılaşdırılmalı, həmçinin insan kapitalından səmərəli istifadə etməklə istehsal daha intensiv hal almalıdır. Bu kontekstdə “yaşıl” iqtisadiyyatın rolu böyükdür, belə ki, sözügedən sektora ildə təxminən 1 trilyon dollar sərmayə qoyulması iqtisadi artım və yeni iş yerlərinin açılmasına töhfə verəcək.