CƏMİYYƏT
Cari ilin birinci rübünün yekunları Səbail rayonunda müzakirə olunmuşdur
Bakı, 18 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr aprelin 18-də Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, iclasda rayonun sənaye, təhsil, səhiyyə müəssisələri, təsərrüfat xidmətləri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov cari ilin birinci rübündə ölkəmizin uğurlarından danışaraq qeyd etmişdir ki, ölkədə üç ay ərzində ümumi daxili məhsul 0,5 faiz, qeyri-neft sektoru 7,2 faiz artmış, inflyasiya cəmi 3,1 faiz, əhalinin pul gəlirləri təxminən 14 faiz olmuşdur. Kənd təsərrüfatı 3,1 faiz, qeyri-neft sənayesi isə 16,5 faiz artmışdır. A.Əsgərov bildirmişdir ki, ölkənin strateji valyuta ehtiyatları artaraq 43 milyard dollar təşkil edir ki, bu da dövlətimizin başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
A.Əsgərov bildirmişdir ki, cari ilin üç ayında rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 6.921,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 148,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 211,6 milyon manatlıq və ya ötən illə müqayisədə 8,9 faiz çox rabitə xidmətləri göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına 658,7 milyon manat məbləğində investisiyalardan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 40,6 faiz çoxdur.
Hesabat dövründə Səbail rayonunda 363 yeni daimi iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir.
Bildirilmişdir ki, rayonda cari ilin əvvəlindən həyata keçirilən tikinti, təmir və yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin birinci rübündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Bakıelektrikşəbəkə” ASC-nin “İçərişəhər” yarımstansiyasının və beşulduzlu “W Marriott Abşeron” mehmanxanasının açılışı olmuşdur.
Cari ilin birinci rübündə Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 430 ailə müraciət etmiş, hər bir ailə üzvünə 27,90 manat olmaqla, orta hesabla hər bir ailəyə 115,10 manat sosial yardım təyin olunmuşdur.
Səbail rayon Məşğulluq Mərkəzinə bu ilin üç ayında 224 vətəndaş müraciət etmiş, onların 182 nəfəri daimi işlə təmin olunmuşdur, 60 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuşdur.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.