İQTİSADİYYAT
Cari ilin oktyabrında Bakıda memarlıq və şəhərsalma üzrə qurultay keçiriləcək
Bakı, 19 fevral, Ramiz Quliyev, AZƏRTAC
Türk Dünyası Mühəndislər və Memarlar İttifaqı (TDMMB) tərəfindən 2016-cı il “Heydər Əliyev İli” elan olunub. Bu münasibətlə cari ilin oktyabrın 2-də Bakıda memarlıq və şəhərsalma üzrə qurultay keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 19-da TDMMB-nin sədri, Türkiyənin ekologiya və şəhərsalma nazirinin müavini Mehmet Ceylan jurnalistlərlə görüşündə deyib.
Nazir müavini bildirib ki, Türk Dünyası Mühəndislər və Memarlar İttifaqı üzvlərinin Bakıya ikigünlük səfərində əsas məqsəd qurultayın proqramını hazırlamaq və müəyyən təşkilati işləri görməkdir. Onun sözlərinə görə, sözügedən tədbirdə İslam ölkələrindən tikinti və memarlıq sahəsində çalışan tanınmış mütəxəssislər iştirak edəcək.
Bundan əlavə, cari ilin mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Naxçıvan şəhərində TDMMB tərəfindən konfrans keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat universitetlərində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və digər qurumlarda görüşlər keçiriblər.