İQTİSADİYYAT
“Cəlilabadsutikinti”nin səhmlərinin 99,99 faizi satışa çıxarılıb
Bakı, 31 iyul (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tikinti-quraşdırma və təmir-bərpa işləri ilə məşğul olan “Cəlilabadsutikinti” Səhmdar Cəmiyyətinin (SC) səhmlərinin 99,99 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, SC-nin 27,617 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər. Müsabiqə iştirakçıları tərəfindən hazırlanmış investisiya proqramında müasir avadanlığın tətbiqi, mövcud tikililərin bərpa edilməsi, müəssisənin mövcud infrastrukturunun təyinatının yaxşılaşdırılması, ərazinin abadlaşdırılması, yeni iş yerlərinin açılması, eləcə də bu məqsədlərə ayrılacaq investisiyanın həcmi və müddətinə dair təkliflər əksini tapmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 17 min manat köçürməlidir.
Müsabiqə üzrə təkliflər avqustun 27-dək qəbul ediləcək, avqustun 29-da isə təkliflərin qiymətləndirilməsi həyata keçiriləcək.