CƏNAB HEYDƏR ƏLİYEVİN QƏLƏBƏSİ DEMOKRATİYANIN QƏLƏBƏSİ DEMƏKDİR
YIĞINCAĞINDA SƏSLƏNMİŞDİR
Biz, Göyçay rayonunun səhiyyə işçiləri 2003-cü il oktyabrın 15-də keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar öz seçimimizi etmişik. Bizim seçimimiz möhtərəm cənab Heydər Əliyevdir.
Prezident Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı və xalqımızın xilaskarıdır. Bu il oktyabrın 15-də seçkilər günü Göyçayın çoxsaylı səhiyyə işçiləri yeganə namizədləri Heydər Əlirza oğlu Əliyevə səs verəcəklər. Biz bilirik ki, xalqımızın Heydər Əliyev kimi rəhbərə ehtiyacı vardır.
Son vaxtlar “Yeni Müsavat”, “Azadlıq”, “Hürriyyət”, “Müxalifət” və bu qəbildən olan digər kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti cənab Heydər Əliyevin səhhəti ilə bağlı böhtan və şayiələr yayırlar. Ona görə də respublikamızın hüquq mühafizə orqanlarından tələb edirik ki, milli mənəvi dəyərlərimizə, əxlaqımıza zidd olaraq, böhtan yazılar dərc edən mətbuat orqanlarına qarşı ciddi tədbirlər görsünlər.
Biz görürük ki, müxalifət qüvvələri xalqın mənafeyi ilə bir araya sığmayan məqsədlərinə nail olmaq üçün hər cür iyrənc üsul və vasitələrə əl atmaqdan çəkinmirlər. Onlar ölkəmizdə mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışırlar.
Biz, müxalifət qüvvələrinin belə rəzil əməllərini qətiyyətlə pisləyir, onlara öz qəzəb və nifrətimizi bildiririk.
Azərbaycan səhiyyəsinin sürətli inkişafında möhtərəm Prezidentimizin tarixi xidmətlərini təşəkkür hissi ilə qiymətləndirən və Heydər Əliyev müdrikliyinə, dühasına ürəkdən inanan səhiyyə işçiləri bir daha bəyan edirlər ki, bu il oktyabrın 15-də seçki məntəqələrində dövlətimizin başçısına yekdilliklə səs verməklə, cənab Heydər Əliyevə olan sonsuz hörmət və ehtiramlarını sübut edəcəklər.
Əminik ki, müstəqil Azərbaycan dövlətinin sükanı hələ uzun illər hörmətli Prezidentimiz Heydər Əliyevin əlində olacaq, onun rəhbərliyi altında xalqımız öz xoşbəxtliyinə qovuşacaqdır.
Heydər Əliyevin qələbəsi demokratiyanın qələbəsi deməkdir.
Bəyanatı Göyçay rayonunun 97 nəfər səhiyyə işçisi imzalamışdır.