CƏMİYYƏT
Cənub Regional Mərkəzi Lənkəranda maarifləndirmə tədbiri keçirmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi aprelin 11-də Lənkəran rayonunun Vel kəndindəki A.Xəlilov adına və Siyavar kəndindəki E.İbrahimov adına tam orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı?” və “Yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdləri təbii və texnogen xarakterli fövqəladə hallar barədə maarifləndirmək, bilik və bacarıqlarını artırmaq, kütləvi tədbirlər zamanı yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələridir.
Tədbirlərdə “Yanğının ilkin əlamətləri, ondan qorunma tədbirləri və yanğın zamanı insanların təxliyəsi”, “Zəlzələ zamanı təhlükəsizlik tədbirləri, terror hadisələrindən qorunmaq və “112” zəng mərkəzinə hansı hallarda müraciət etmək lazımdır”, “Tələbə və məktəblilərin mülki müdafiə biliklərinə yiyələnməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi haqqında anlayış” mövzularında çıxışlar olmuşdur.
Daha sonra “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi və “Gənc xilasedici və yanğınsöndürən” yarışının şərtləri məktəblilərin diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda mərkəzin fəaliyyəti ilə bağlı fotoslaydlar nümayiş etdirilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmış, dinləyicilərə “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?” mövzusunda hazırlanmış kitabçalar paylanılmışdır.