DÜNYA
Cənubi Çin dənizinin adı dəyişdirilərək Qərbi Filippin dənizi adlandırılmışdır
Bakı, 13 sentyabr (AZƏRTAC). Filippin Prezidenti Beniqno Akino Cənubi Çin dənizinin rəsmi olaraq Qərbi Filippin dənizi adlandırılması haqqında fərman imzalamışdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sentyabrın 5-də imzalanmış fərmana əsasən ölkənin torpaq və su sahələrində “Qərbi Filippin dənizi” adı yazılan xəritələr və sxemlər hazırlanıb nəşr etdirilməsi nəzərdə tutulmuşdur.
Rəsmi xəritələr və fərmanın nüsxəsi isə BMT-nin baş katibinə və Beynəlxalq Hidroqrafik Təşkilatına, Coğrafi adların standartlaşdırılması üzrə BMT Konfransına təqdim ediləcəkdir.
Qeyd edək ki, Cənubi Çin dənizindən dünya dəniz gəmiçiliyi yükdaşımasının üçdə biri keçir. Burada yerləşən adaların şelf zonası isə neftlə zəngindir.
Cənubi Çin dənizinin müxtəlif ərazilərinə Çinlə bərabər Tayvan, Filippin, Vyetnam, Malayziya və Bruney dövlətləri də iddialıdırlar. Xüsusən, dənizdə yerləşən Spratli (Nanşa) arxipelaqı və Sişa adalar qrupu (Parasel adaları) ilə bağlı ərazi mübahisələri son aylarda kəskinləşmişdir.