CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNDƏ QURAQLIQ VƏ SƏHRALAŞMA MƏSƏLƏLƏRİNƏ DAİR BEYNƏLXALQ KONFRANS
Tbilisidə iyulun 12-13-də üç Cənubi Qafqaz ölkəsinin, bir sıra beynəlxalq təşkilatların və qeyri-hökumət qurumlarının, habelə Özbəkistan və Türkmənistan nümayəndələrinin iştirakı ilə bu mövzuda beynəlxalq konfrans keçirilmişdir.
Konfransı Gürcüstanın ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri Nino Çxobadze açaraq, iştirakçıları salamladı və dövlət başçısı Eduard Şevardnadzenin təbrik məktubunu oxudu. O, sözü konfransa sədrlik edən Qafqaz üçün Regional Ekologiya Mərkəzinin Beynəlxalq Məsləhət Şurasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu direktorunun müavini Ramiz Məmmədova verdi. R.Məmmədov bildirdi ki, konfransdan məqsəd hökumət, qeyri-hökumət təşkilatlarına və elmi dairələrə səhralaşma və quraqlıq problemləri barədə ətraflı məlumat verməkdən, üç Cənubi Qafqaz ölkəsində bu sahədə görülən işlər, həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparmaqdan, bu problemlərin həlli üçün tövsiyələr hazırlamaqdan ibarətdir.
O dedi ki, hazırda dünyanın 100-dən çox ölkəsi səhralaşma təhlükəsinə məruz qalmışdır. Səhralaşma təxminən 900 milyon insanın həyatına mənfi təsir göstərir, hər il 10 milyonadək adam ekoloji qaçqın kimi səhralaşmış ərazilərdən köçməli olur. Bu baxımdan Qafqaz regionu da istisna deyildir.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova çıxışında Azərbaycan parlamentinin təbii ehtiyatlar, energetika və ətraf mühitin mühafizəsi haqqında qəbul etdiyi qanunvericilik aktlarından, ali qanunverici orqanımızın 1998-ci ildə ratifikasiya etdiyi BMT-nin səhralaşmaya qarşı mübarizəyə dair konvensiyasının prinsiplərinə uyğun olaraq respublika hökumətinin “Ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı” hazırladığından danışdı.
Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhralaşmaya qarşı mübarizəyə dair konvensiyanın milli əlaqələndiricisi O.Cəfərov “Azərbaycanda səhralaşma problemləri və onunla mübarizə sahəsində görülən tədbirlər”, MEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı P.Rzayev “Bərpa olunan enerji səhralaşmaya qarşı mübarizədə”, MEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ç.Gülalıyev “Səhralaşmanın təbii amili olan torpaqların şoranlaşma dərəcəsinin müəyyənləşdirilməsi”, İqlim Dəyişikliyi və Enerjieffektivlik Tədqiqat Mərkəzinin rəhbəri M.Mənsumov “Azərbaycanda iqlim dəyişikliklərinin səhralaşma proseslərinə təsiri” mövzusunda məruzələr etdilər. Konfransda digər nümayəndələrimizin çıxışları da maraqla qarşılandı.
İştirakçılar bu mövzuda konfransın hər il Cənubi Qafqaz ölkələrindən birinin paytaxtında keçirilməsini qərara aldılar.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi