ELM VƏ TƏHSİL
“Çin beynəlxalq münasibətlər sistemində” mövzusunda elmi sessiya keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan-Çin diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş “Çin beynəlxalq münasibətlər sistemində” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, elmi sessiyada AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Çinlə Azərbaycan arasında möhkəm diplomatik, mədəni və dostluq əlaqələrinin mövcud olduğunu və bütün istiqamətlərdə bu əlaqələrin qorunub saxlanıldığını deyib. Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında yer aldığını deyən akademik Gövhər Baxşəliyeva iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ilin aprelindən qurulduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə, Çin rəhbərlərinin isə Azərbaycana səfərlərindən söz açan institut rəhbəri iki ölkə arasında bağlanmış sazişlərdən də bəhs edib. O, Çin və Azərbaycan arasında münasibətlərin daim inkişaf etdiyini, hər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıdığını söyləyib. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Çin Xalq Respublikasının hər zaman Azərbaycanı dəstəklədiyini vurğulayıb.
Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun son dövrdə Çinin elm və təhsil müəssisələri ilə əlaqələrinin genişlənməsindən söz açıb. O, institutda 2011-ci ildən fəaliyyətə başlamış Mərkəzi Asiya və Uzaq Şərq ölkələri şöbəsində və onun əsasında 2016-cı ildə yaradılmış Asiya-Sakit okean regionu ölkələri şöbəsində Çinlə bağlı tədqiqatların mühüm yer tutduğunu bildirib, burada çalışan mütəxəssislərin Çin haqqında 10-dan çox kitabının çap olunduğunu qeyd edib.
Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elm müəssisəsi ilə Konfutsi İnstitutu arasında 2016-cı ildə müqavilənin imzalandığını, Çin dili daşıyıcısı olan müəllimlərin Şərqşünaslıq İnstitutunda əməkdaşlara Çin dilini tədris etdiyini, gənc şərqşünaslarımızın Çində magistr təhsili aldıqlarını qeyd edib.
İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri Zenfira Şıxəlibəyli “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının siyasi və diplomatik münasibətləri” mövzusunda məruzəsində müstəqilliyimizin ilk illərindən iki ölkə arasında münasibətlərdən, bu əlaqələrin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rolundan danışıb. Z.Şıxəlibəyli ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə “TRASEKA” proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilməsinin də rolunu qeyd edib.
Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi, Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov “Azərbaycanda çinşünaslığın tarixi” mövzusunda məruzə edib. R.Abbasov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Qo Minin Şərqşünaslıq İnstitutunun rəhbərliyinə və tədbir iştirakçılarına salamını çatdırıb. O, ölkəmizdə Çinlə bağlı aparılan elmi tədqiqatlardan ətraflı bəhs edib. Məruzəçi bu sahədə Şərqşünaslıq İnstitutunda və Konfutsi İnstitutunda görülən işləri xüsusi qeyd edib.
Şərqşünaslıq İnstitutunun əməkdaşlarından Ülkər Abdullayeva, Afaq Nərimanova, Günay Novruzova, Əzizə Gülümcanlı, Ceyhun Mürşüdzadə, Elnarə Buniyatova Çin Xalq Respublikasının beynəlxalq əlaqələrinə və dünya iqtisadiyyatında mövqeyinə dair məruzələr söyləyiblər.