DÜNYA
Çin dövlət sərhədini qanunsuz keçmiş Hindistan ordusunun əsgərini təhvil verib
Pekin, 27 yanvar, AZƏRTAC
Çin tərəfi sərhədi qanunsuz keçmiş Hindistan ordusunun əsgərini bu ölkəyə təhvil verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun qərb qoşunlarının rəsmisi Lon Dasiao məlumat verib. O, hindistanlı əsgərə lazımi humanitar yardımın da edildiyini bildirib.
Lon Dasiao bəyan edib ki, rəsmi Pekin Hindistanı hərbçilərinə nəzarəti artırmağa və sərhədboyu ərazidə nizam qaydalarına əməl olunmasına çağırıb.
Qeyd edək ki, iki ölkə arasında sərhədin mübahisəli hissələrində ara-sıra insidentlər baş verir. Bəzən bu insidentlər ölümlə də nəticələnir. Sonuncu dəfə 2020-ci ilin may-iyun aylarında hər iki ölkənin öz ərazisi hesab etdiyi Qalvan çayı vadisində nəzarət xəttində toqquşma baş verib. Bir neçə saat davam edən toqquşma zamanı tərəflər bir-birinə daş və bərk cisimlər atıblar. Hər iki tərəfdən ölənlər olub. Bu, tərəflər arasında sərhəd zonasında ilk “daş döyüşü” olmasa da, 1975-ci ildən bəri ölümlə nəticələnən ilk toqquşma olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin