Çin kulinariya sənəti öyrənilir
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda ustad dərsi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin yeməklərinin Azərbaycanda da sevildiyini qeyd edib. Professor bildirib ki, Milli Kulinariya Mərkəzi ilə bağlanılan müqavilə əsasında ölkəmizdə təşkil olunan beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb.
Konfutsi İnstitutunun əməkdaşları Çin kulinariya sənətinin ənənələrindən danışaraq, bu ölkənin mətbəxinin tarixi, regional üslubu və tanınmış yeməkləri haqqında məlumat veriblər. Həmçinin Çin tərəvəz yeməklərinin hazırlanması prosesi ilə yanaşı, Çin souslarından istifadə yolları, “Gong bao ji” - “döyülmüş xiyar”ın hazırlanması qaydaları nümayiş etdirilib.
Sonda Çin kulinariyası mövzusunda film nümayiş olunub.