CƏMİYYƏT
Çinin Azərbaycandakı səfirliyi Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak edib
Bakı, 23 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi oktyabrın 22-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasında iştirak edib. Tədbirin açılış mərasimində səfir Qo Min tərəfindən ziyarətçilərə Çin malları təqdim olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, xeyriyyə yarmarkasına çoxlu sayda qonaqlar gəlib və onlara geniş çeşidli malların nümayiş olunduğu stendlər təqdim edilib. Çinin Azərbaycandakı səfirliyinin stendi ölkənin milli bayrağı, qırmızı fənərlər, Çin düyünləri və digər dekorativ əşyalarla əlvan şəkildə bəzədilib. Rəngarəng ipəkdən hazırlanmış mənzərə rəsmləri, möhtəşəm asma bəzəklər, panda şəklində suvenirlər, məşhur ətirli Çin çayı, eləcə də incə işlənmiş çay dəstləri, dekorativ boşqablar, yelpiklər, bloknotlar və digər məhsullar bir çox yüksək vəzifəli şəxslərin, səfirlərin, eləcə də qonaqların maraqlarına səbəb olub və məmnuniyyətlə alınıb.
Çinin Azərbaycandakı səfirliyi satışdan əldə edilən gəlirlə yanaşı, UNICEF-in Azərbaycandakı layihələrini dəstəkləmək və Azərbaycanda uşaqların inkişafına töhfə vermək məqsədilə 81 min 360 manat ianə edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və digər vəzifəli şəxslər stendi ziyarət edib və Çinin Azərbaycandakı səfirliyinin yarmarkada iştirakına və ianəyə görə minnətdarlıqlarını bildiriblər.