CƏMİYYƏT
Çinin Tayvan adasında da koronavirusa yoluxma faktı qeydə alınıb
![Çinin Tayvan adasında da koronavirusa yoluxma faktı qeydə alınıb](/files/2020/1/1200x630/1579611750978031492_1200x630.jpg)
Pekin, 21 yanvar, AZƏRTAC
Çinin Tayvan adasında bir nəfərin koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxduğu təsdiqlənib.
AZƏRTAC "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, virusun ilk aşkarlandığı və ən çox yayıldığı Uxan şəhərindən qayıdan Tayvan sakinində sətəlcəmin simptomları müşahidə edilib və hava limanından birbaşa xəstəxanaya aparılıb. Müayinədən sonra 55 yaşlı qadının koronavirusun yeni növünə yoluxduğu müəyyənləşib. Hazırda həmin qadın tibbi nəzarət altındadır.
Qadının ailə üzvləri və onunla yaxın ünsiyyətdə olmuş 46 nəfər də müayinəyə cəlb olunub, amma onlarda virusa yoluxma aşkarlanmayıb.
Qeyd edək ki, Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına əsasən, indiyədək ölkədə 295 nəfər bu virusa yoluxub, onlardan 4-ü ölüb. Bundan başqa, Çinin 9 bölgəsində koronavirusa yoluxma şübhəsi ilə 27 nəfər tibbi nəzarət altına alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin