İQTİSADİYYAT
Çinli tədqiqatçı: Konqres bizə Azərbaycanla təkcə kosmik sektorda deyil, həm də sənaye sahəsində əməkdaşlıq imkanı verəcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Ümidvarıq ki, bu konqres bizə Azərbaycanla təkcə kosmik sektorda deyil, həm də sənaye sahəsində əməkdaşlıq imkanı verəcək. Bu tədbir bizim üçün əla təcrübədir. Əminəm ki, media kosmik sektoru yerli şirkətlərlə birləşdirəcək körpü rolunu oynayacaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında Çin Aerokosmik Elmi-Sənaye Korporasiyasının tədqiqatçısı, professor Yan Yuy Quan bildirib.
Çinli professor qeyd edib ki, Azərbaycana gəlmək, gözəl Bakı şəhərini görmək, yeni insanlarla tanış olmaq və birlikdə çalışmaq onun üçün böyük şərəfdir. O əlavə edib: “Təəssüf ki, hələ Bakının bütün gözəlliyini görmək imkanım olmayıb. Dənizkənarı parkda gəzdim, Xəzər dənizi öz gözəlliyi ilə adamı heyran edir”.
Tədqiqatçı bildirib ki, ölkəmizin tarixinə yaxşı bələddir. O vurğulayıb: “Azərbaycan çox qədim və qüdrətli ölkədir. Bizim güclü dostluq əlaqələrimiz var. Azərbaycan həm “Böyük İpək yolu” layihəsində, həm də “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm rola malikdir.