İQTİSADİYYAT
Çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı 2,2 dəfə artmışdır
Bakı, 8 mart (AZƏRTAC). Ötən il fərdi yaşayış və bağ evlərinin qeydiyyatı təqribən 70 faiz, mənzillərin qeydiyyatı 37 faiz, torpaq sahələrinin qeydiyyatı 69 faiz, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı 2,2 dəfə artmışdır.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən il ölkədə qeydə alınan əmlakın böyük hissəsi - 62,8 faizi regionların, 37,2 faizi Bakı şəhərinin payına düşmüşdür. Bakıda 7 105 fərdi yaşayış və bağ evi, 36 min 085 mənzil, 7 883 torpaq sahəsi, 1 000 qeyri-yaşayış binası, 2 538 qeyri-yaşayış sahəsi, 238 əmlak kompleksi, 16 çoxmərtəbəli yaşayış binası üzrə mülkiyyət hüququ qeydə alınmışdır.
Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları, əmlak kompleksləri və çoxmərtəbəli binalarla əməliyyatların böyük hissəsi regionlarda aparılmışdır. Ötən il 34 çoxmərtəbəli binadan 18-i regionların, 16-sı Bakının payına düşmüşdür.
2011-ci ildə komitənin daşınmaz əmlakın dövlət qeydiyyatı ilə məşğul olan ərazi idarələrində daşınmaz əmlakın qeydiyyatının artımı müşahidə edilmişdir. Bakıda əmlakın qeydiyyatı 38 faiz, regionlarda 68,5 faiz artmışdır. Ən çox artım Beyləqan (2,3 dəfə), Abşeron (2,1 dəfə), Şamaxı (2,1 dəfə) və Qəbələdə (2,2 dəfə) qeydə alınmışdır.