ELM VƏ TƏHSİL
Coğrafiyaçı mütəxəssis beynəlxalq konqresdə radioaktiv tullantılar barədə məruzə edib
Bakı, 10 oktyabr, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Türkiyənin Qlobal Akademiyasının təşkilatçılığı ilə Polşanın Varşava şəhərində keçirilən Kompüter elmləri, mühəndislik və informasiya texnologiyaları üzrə 1-ci beynəlxalq konqresdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim tədbirdə “Azərbaycan ərazisində radioaktiv tullantıların aşkar edilməsində peyk məlumatlarından istifadə” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bildirilir ki, atom elektrik stansiyalarında qəzalar baş verdikdə ətraf mühitə bölünməz hissəciklər şəklində radioaktiv maddələrin axını yaranır. Sonradan bu maddələr radioaktiv çöküntülər şəklində qonşu dövlətlərin ərazisində böyük məsafələrə yayılır.
Ərazi üzərində yağıntıların yaranması, ilk növbədə, rütubətlənmə, müxtəlif mənşəli hava kütlələrində onun qalxma və buxarlanma şərtləri ilə təyin edilir ki, bu da müəyyən şəraitdə potensial olaraq çöküntü əmələ gətirir.