DAĞIDICI MÜXALİFƏTİN HƏRƏKƏTLƏRİ MÜSTƏQİLLİYİMİZİN ZƏİFLƏDİLMƏSİNƏ YÖNƏLMİŞ XƏYANƏTKARLIQDIR, XALQIMIZA ARXADAN VURULAN DÜŞMƏN ZƏRBƏSİDİR
İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİNƏ NƏZARƏT VƏ
DAĞ-MƏDƏN NƏZARƏTİ KOMİTƏSİNİN ƏMƏK KOLLEKTİVLƏRİ
DÖVLƏTİMİZİN BAŞÇISINA QARŞI ŞƏR-BÖHTAN KAMPANİYASININ
TƏŞKİLATÇILARININ CƏZALANDIRILMASINI TƏLƏB EDİRLƏR
Avqustun 1-də “Dövlətdağmədəntexnəzarət” Komitəsi əmək kollektivlərinin toplantısı keçirilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə əlaqədar müxalifət mətbuatında dərc olunan böhtan xarakterli materialların pislənilməsinə həsr olunmuş tədbirdə komitənin sədr əvəzi T.Əliyev, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı M.Qurbanlı, komitə sədrinin müavini A.Məmmədov, qazan nəzarəti müfəttişliyinin rəisi Ə.Cəfərov, neft müfəttişliyinin rəisi N. Məmmədquliyev, İstehsalat mərkəzinin çilingəri G.Kurasov, elmi tədqiqat institutunun direktoru G.Mirheydərova çıxış etmişlər.
Natiqlər qeyd etmişlər ki, son vaxtlar Türkiyənin Star
telekanalında, Azərbaycanda isə müxalifət mətbuatında xalqımızın
xilaskar oğlu, dövlətimizin başçısı möhtərəm Heydər Əliyevə qarşı
başlanmış məkrli kampaniya, dərc olunan şər və böhtan xarakterli
yazılar komitəmizin əmək kollektivlərini hədsiz dərəcədə
hiddətləndirmişdir. Çox qəribə bir hal yaranıb. Məgər Prezident
xəstələnə bilməzmi? Xəstələnmiş adama, adətən, şəfa arzulayarlar.
Bunu milli ənənələrimiz, adi insanlıq, əxlaq normaları tələb edir.
Təəssüf ki, özlərini müxalifət adlandıranlar, onların nəzarətində olan qəzetlər bu ənənəni, normaları kobudcasına pozurlar.
Çıxış edən natiqlər əlaqədar səlahiyyətli orqanlardan tələb etmişlər ki, həddini aşmış siyasi partiyalar və mətbuat vasitələri barədə qanun çərçivəsində tədbir görsünlər.
Toplantıda bəyanat qəbul edilmişdir.