DAĞISTAN AZƏRBAYCAN SƏRMAYƏLƏRİNƏ BÖYÜK MARAQ GÖSTƏRİR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Azərbaycanın Baş naziri Artur Rasizadə Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Prezident Muxu Əliyev Rusiya Federasiyasının mühüm subyektlərindən biri olan Dağıstan ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, bu qarşılıqlı münasibətlərin çoxəsrlik tarixi var. O, iqtisadi münasibətlərin inkişafından danışaraq dedi ki, Çeçenistan Respublikasında vəziyyət sabitləşdikdən sonra Dağıstan özünün müxtəlif sahələrinə sərmayələr cəlb etməyə başlayacaqdır. Əvvəllər respublikanın hüdudlarından kənarda sərmayə yatıran Dağıstan biznesmenləri indi öz diyarının iqtisadiyyatına da vəsait qoyurlar. Azərbaycanın regionda, həqiqətən, lider dövlətə çevrildiyini vurğulayan qonaq bildirdi ki, onun respublikası Azərbaycan sərmayələrinə də maraq göstərir.
Azərbaycan-Dağıstan münasibətlərinin kifayət qədər yüksək səviyyədə olduğunu vurğulayan Baş nazir Artur Rasizadə iqtisadi əlaqələri genişləndirməyin zəruriliyini bildirdi. O dedi ki, Azərbaycan yaxşı perspektivləri olan qarşılıqlı surətdə faydalı əməkdaşlığın dərinləşməsinə yönəldilən layihələri dəstəkləyəcəkdir. Hökumət başçısı nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun dincliklə həlli üçün ölkə rəhbərliyinin gördüyü tədbirlər barədə ətraflı məlumat verdi. Artur Rasizadə bildirdi ki, Ermənistanın təcavüzkar separatizmi və qəsbkarlıq siyasətinin bütün region üçün ağır nəticələri olmuşdur.