MƏDƏNİYYƏT
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlığın gedişi müzakirə edilmişdir
Bakı, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamına uyğun olaraq müvafiq qurumlara tədbirlər planının hazırlanması tövsiyə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə görülmüş işlərlə əlaqədar sentyabrın 12-də Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilmişdir
Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi və Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıqla bağlı müzakirələr aparılmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə tanınmış simaların yubileylərinin dövlət səviyyəsində qeyd olunmasının tarixi əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, belə tədbirlər elm, mədəniyyət, incəsənət və digər sahələrdə çalışan işıqlı simaların təbliğinə, daha yaxından öyrənilməsinə xidmət edir. Bu tədbirlərin keçirilməsində bizimlə birgə digər müvafiq qurumlar da yaxından iştirak edirlər.
Nazir demişdir ki, cari il ərzində dövlətimizin başçısının müvafiq sərəncamları ilə 5 ədibin yubileyi qeyd edilmiş, ilin sonunadək isə daha 7 dövlət səviyyəli anma tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur. Bu sırada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyinin layiqincə qeyd edilməsi mühüm əhəmiyyət daşıyır.
Nazir demişdir ki, şairin yubileyinə həsr olunmuş silsilə tədbirlərə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadının abidəsinin açılışı ilə başlanmışdır. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.
Sentyabrın 29-dan etibarən Gəncədə yubiley tədbirlərinə başlanılacağını diqqətə çatdıran Ə.Qarayev demişdir ki, bu mərasimə dünyanın bir çox ölkələrindən tanınmış simalar da qatılacaqlar. Şairin dünyaya göz açdığı bu qədim şəhərdə bir neçə gün ərzində “Beynəlxalq Nizami elmi konfransı” təşkil ediləcəkdir. Nizami Gəncəvinin adını daşıyacaq kitabxananın təməli qoyulacaq, əsərlərindən ibarət sərgi açılacaq, rəssamlarımızın ədibin əsərlərinin motivləri əsasında çəkdikləri rəsm əsərləri nümayiş olunacaqdır. Şəhərin mərkəzində “Xəmsə”yə daxil olan əsərlər əsasında hazırlanmış ədəbi-bədi kompozisiyalar göstəriləcəkdir. Həmçinin bu tədbirlər çərçivəsində Gəncə Şəhər Mərkəzi Kitabxanası ilə dünya şöhrətli İsgəndəriyyə kitabxanası arasında əməkdaşlıq müqaviləsi də imzalanacaqdır. Böyük ədibə həsr edilmiş tədbirlər Bakıda davam etdiriləcəkdir.
Tədbirdə nəzərdə tutulacaq işlərlə bağlı geniş fikir mübadiləsi aparılmış, bir sıra təkliflər səsləndirilmiş və Nizami Gəncəvinin yubileyinin yüksək səviyyədə qeyd edilməsinin vacibliyi vurğulanmışdır.