MƏDƏNİYYƏT
Dalina Vilson: Belə ecazkar məkana yenidən səfər etmək istərdim
Qəbələ, 31 iyul (AZƏRTAC. Anar Rzayev). Belə ecazkar məkana yenidən səfər etmək istərdim. Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında əvvəllər eşitmişdim. Lakin bura gəldikdə bu incəsənət bayramının möhtəşəmliyinə heyran qaldım.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yohannesburq Simfonik Orkestrinin üzvü, skripka ifaçısı xanım Dalina Vilson AZƏRTAC-a müsahibəsində deyib.
Skripka ifaçısı Qəbələ festivalında iştirakı ilə ölkəmizi yaxından tanımaq üçün gözəl imkan əldə etdiyini, yerli musiqiçilərlə dostluq əlaqələri qurduğunu söyləyib.
Qəbələnin təbiətinə və dağların ecazkarlığına heyran qaldığını bildirən Dalina Vilson vurğulayıb ki, Azərbaycanın həm də ənənəvi klassik musiqisi var. Düşünürəm ki, Avropa və dünyanın digər dövlətlərində tanınan bəstəkarlarınızın əsərlərinə getdikcə daha böyük maraq yaranacaq.
O, bildirib ki, festivalı ərsəyə gətirənlər bu möhtəşəm sənət bayramının daha rəngarəng keçməsi üçün əllərindən gələni əsirgəməyiblər.