Daşkənddə “Nizaminin əsərləri haqqında nə bilirik” müsabiqəsinə yekun vurulub
Daşkənd, 31 mart, АZƏRTAC
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində böyük Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) nümayəndələri iştirak ediblər.
Mədəniyyət Mərkəzi üçün ayrılan guşədə Azərbaycan bayrağı, müxtəlif təamlar, o cümlədən plov, dolma, Novruz şirniyyatları - şəkərbura, paxlava nümayiş olunub.
Universitetin rektoru, professor, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) sədri Şavkat Şaripov Azərbaycan guşəsinə yaxınlaşıb, Novruz münasibətilə təbriklərini çatdırıb və təamlarımızın dadına baxıb.
Bütün gün davam edən Novruz şənliyinin sonunda bu ali təhsil ocağının, ÖADC və paytaxtdakı AMM-nin birgə təşkilatçılığı ilə bir neçə gün əvvəl müəllimlər və tələbələr arasında keçirilən “Nizaminin həyatı və əsərləri haqqında nə bilirik” adlı müsabiqəyə yekun vurulub.
AMM-nin sədr müavini Polad Zeynalov və universitetin rektoru Şavkat Şaripov çıxış edərək qalibləri təbrik ediblər və qeyd edilib ki, bu müsabiqə bundan sonra hər il keçiriləcək.
Sonra Mədəniyyət Mərkəzi adından qaliblərə pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.
Müəllim Xamida Nusratova və tələbə Gulnoza Jumaeva birinci mükafata layiq görülüblər.
Müvafiq olaraq Qulom Mirzoev və Sitora Əsədova ikinci, Məhəmməd Əhmədov və Şaxsanam Xolboeva isə üçüncü yerləri tutublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd