Daşkəsənə qar yağır, yollara qum-duz qarışığı səpilir
Daşkəsən, 26 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsən rayonuna qar yağır, şaxtalı hava şəraiti hökm sürür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qarın qalınlığı rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı və digər dağ kəndlərində 10-15 santimetrə çatıb. Şəhərdaxili yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün mütəmadi təmizləmə işləri aparılır. Sürüşkənlik ehtimalı olan ərazilərə qum-duz qarışığı səpilir. Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb.
Qarın yağması rayonun ümumtəhsil məktəblərində şagirdlərin dərslərə davamiyyətinə də təsir göstərməyib.