DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 13-də Avropa Şurası Nazirlər Komitəsinin ölkəmizdə səfərdə olan AQO Monitorinq qrupunun üzvlərini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan daxili işlər naziri ölkədəki kriminogen durum, müstəqillik qazanıldıqdan sonra hüquqi dövlət quruculuğunun mərhələləri və bu müddətdə cinayətkarlığa qarşı aparılan mübarizədən danışmışdır. Qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəllərində hökm sürən özbaşınalıq və hərc-mərclik, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi yalnız zəngin dövlətçilik təcrübəsinə malik cənab Heydər Əliyevin hakimiyyətə qayıdışı, apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində aradan qaldırılmış, Azərbaycan demokratik inkişaf yolu seçmişdir.
General-polkovnik Ramil Usubov son illər aparılan hüquqi-demokratik islahatların daxili işlər orqanlarından da yan keçmədiyini, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm işlər görüldüyünü vurğulamışdır.
Görüşdə Avropa Şurasının ayrı-ayrı strukturları və digər nüfuzlu beynəlxalq təşkilatlarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, polisin fəaliyyətində insan hüquqlarına riayət olunması, əməkdaşların peşə hazırlığı sisteminin demokratik tendensiyalar baxımından təkmilləşdirilməsi məsələlərinə də toxunulmuşdur.
Söhbət zamanı mövcud problemlərdən də danışılmışdır.
AQO qrupunun sədri, İtaliyanın Avropa Şurasındakı səfiri Pyetro Erkole Aqo ətraflı məlumata görə nazir Ramil Usubova təşəkkürünü bildirmiş, 1990-cı illərin əvvəllərində hökm sürən hərc-mərcliyə son quyulmasını müsbət qiymətləndirmiş, səfərin əsas məqsədinin Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyətlə tanışlıqdan ibarət olduğunu bildirmişdir.
İşgüzarlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran sullara hərtərəfli aydınlıq gətirilmişdir.