SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Xəbər verildiyi kimi, özlərini “Birləşmiş Müxalifət Hərəkatı” adlandıran quruma daxil olan partiyalar aprelin 27-də Bakının Azadlıq meydanında mitinq keçirmək niyyəti barədə şəhər icra hakimiyyətinə müraciət etmişlər. Bakı Şəhər İcra Hakimiyyəti ictimai təhlükəsizlik baxımından mitinq üçün əlverişli olan üç yeri - Binəqədi rayonundakı idman texniki-təlim kompleksini, Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrının) və Xətai rayonundakı “Azad fəhlə” heykəlinin qarşısındakı meydanları təklif etmişdir. Bu barədə mitinqin təşkilatçılarına yazılı məlumat verilmişdir. Həmçinin, icazə verilməyən yerlərdə mitinq keçirilməsinin yolverilməzliyi və hüquqazidd hərəkətlərin nəticələrinə görə məsuliyyəti bu qanunsuz aksiya təşkilatçılarının daşıyacaqları barədə onlar müvafiq dövlət qurumları tərəfindən rəsmi xəbərdar olunmuşlar.
Buna baxmayaraq, mitinqi məhz öz istədikləri yerdə, yəni Azadlıq meydanında keçirməkdə israrlı olduqlarını bildirən aksiya təşkilatçıları növbəti dəfə ölkənin qanunlarına hörmətsizlik göstərmiş, qəsdən, məqsədli şəkildə hakimiyyət orqanları ilə qarşıdurma yaratmağa çəhd etmişlər.
Saat 16.00-dan başlayaraq, radikal müxalifət nümayəndələrinin və təəssübkeşlərinin ümumi sayı təxminən 350-400 nəfərdən ibarət olan bir neçə qrupu şəhərin mərkəzi hissəsində - vətəndaşların istirahət etdiyi ayrı-ayrı yerlərdə qanunsuz toplaşmağa cəhdlər etmişlər. İctimai asayişi təmin edən polis əməkdaşları hüquqazidd hərəkətlərə son qoyulmasını tələb etmiş, lakin aksiya iştirakçıları özbaşınalıqlarını davam etdirərək, polisin qanuni tələblərinə nəinki tabe olmamış, hətta onlara fiziki müqavimət göstərmişlər. Bu zaman beş polis əməkdaşı və qanunsuz toplantıya cəhdin iştirakçılarından bir nəfəri xəsarət almışdır.
İctimai asayişi kobud surətdə pozduqlarına, polisin qanuni tələblərinə tabe olmadıqlarına görə 18 nəfər saxlanılmışdır.
Xidməti vəzifələrini yerinə yetirən polisin qətiyyətli tədbirləri nəticəsində hüquqazidd hərəkətlərin qarşısı alınmış, asayiş bərpa olunmuşdur. Yuxarıda qeyd edilən quruma daxil olan müxalifət partiyaları respublikanın bir neçə rayonunda kütləvi tədbirlər keçirməyə cəhd etsələr də, bu aksiyalar da baş tutmamışdır. Yalnız 8 rayonda və müxalifət partiyalarının ümumi sayı 150 nəfərə qədər olan üzvlərinin qeyri-qanuni toplaşmaq cəhdlərinin qarşısı alınmış, görülmüş tədbirlər nəticəsində asayişin pozulması hallarına imkan verilməmişdir.
Baş vermiş hüquqazidd hərəkətlərlə bağlı araşdırmalar aparılır.