SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
Mayın 7-də saat 12.00 radələrində Sabunçu rayonu Nardaran qəsəbə sakinləri - Seyfulla Əliyev, Həmid Yaxşıbəyov, Hikmət Vəliyev və digərləri rayon icra hakimiyyəti başçısının həmin qəsəbə üzrə nümayəndəsi Fəzilət Mirzəyevin iş otağına gələrək, ona öz qanunsuz iddialarını diqtə etməyə çalışmış, müxtəlif formada təzyiqlər göstərmək hədəsi ilə vəzifəsindən imtina etməsi barədə ərizə yazmasını tələb etmişlər. Həmin şəxslərin və onların təhriki ilə toplaşmış 100 nəfərədək qəsəbə sakininin hüquqazidd hərəkətləri ilə dövlət strukturu olan qəsəbə icra hakimiyyəti nümayəndəliyinin normal iş fəaliyyəti pozulmuşdur.
Bu qanunazidd hərəkətlər nəticəsində pozulmuş hüquq və dövlət idarəçiliyi qaydalarını bərpa etmək üzrə xidməti vəzifələrini yerinə yetirmək üçün hadisə yerinə dəvət edilmiş polis əməkdaşlarına da müqavimət göstərilmiş, fiziki zor tətbiq olunmuş və nəticədə iki polis zabiti xəsarət almışdır.
Fakt üzrə araşdırmalar aparılmış və toplanmış materiallara əsasən 2002-ci il mayın 15-də Sabunçu Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmış, daxili işlər və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı qəsəbə sakinləri - Seyfulla Əliyev, Həmid Yaxşıbəyov, Hikmət Vəliyev və Zaməddin Rəhimzadənin törətdikləri hüquqazidd əməllər öz təsdiqini tapmış və barələrində seçilmiş qətimkan tədbirinə əsasən bu gün onlar həbs olunmuşlar.
Bununla yanaşı, qanunsuz aksiyanın digər fəal iştirakçıları olan Füzuli Babayev, Etibar Zəkiyev və İnayət Rüstəmov inzibati qaydada həbs edilmişlər.
Dövlət idarəçiliyi və ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən cinayət hərəkətlərinin digər təşkilatçıları və iştirakçılarının ifşası və məsuliyyətinin müəyyənləşdirilməsi üzrə istintaq və əməliyyat -axtarış tədbirləri davam etdirilir.