Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək
Bakı, 10 avqust, AZƏRTAC
Hər il qəbul imtahanlarında 500 və daha yüksək bal toplayaraq ixtisas seçimi mərhələsində I və ya II sırada müəllimlik ixtisaslarını qeyd edən və ölkənin ali təhsil müəssisələrinə qəbul olunan 300 tələbə Elm və Təhsil Nazirliyinin “Gələcəyin müəllimi” təqaüdünü almaq şansı qazanır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib.
“Gələcəyin müəllimi” təqaüdü yüksək nəticə göstərərək müəllimlik peşəsinə yiyələnmək istəyən gənclərin motivasiyasının artırılması məqsədilə təsis olunub. Təqaüdün aylıq məbləği 100 manat təşkil edir.
Təqaüdə layiq görülən tələbə 4 illik təhsil müddəti ərzində, qoşa ixtisaslarda isə 5 il müddətində müəyyən edilmiş akademik göstəriciləri qoruduğu halda məzun olana qədər təqaüddən faydalana bilər. Bunun üçün tələbənin orta müvəffəqiyyət göstəricisi 71 və daha yüksək olmalıdır. Hər hansı semestrdə yaranan müvəffəqiyyətsizlik yalnız növbəti semestr üzrə təqaüdün dayandırılmasına səbəb olur və növbəti semestrdə tələbənin yenidən yüksək nəticə göstərərək təqaüd alma şansı var.
“Gələcəyin müəllimi” təqaüdü yüksək nəticə göstərən gənclərin müəllimlik peşəsinə marağının artırılmasına, onların pedaqoji təhsilə təşviq edilməsinə və gələcəyin savadlı, peşəkar müəllimlərinin yetişdirilməsinə mühüm töhfə verir.