BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb
Bakı, 10 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin İnşaat və Memarlıq Universitetinin ikili diplom proqramı çərçivəsində Çin Xalq Respublikasında təhsil alan magistrant Sənur Məmmədli bu ölkənin tarixi Dunxuan bölgəsində elmi-tədqiqat səfərində olub.
BMU-dan AZƏRTAC-a bildirilib ki, gənc tədqiqatçı səfər çərçivəsində süni intellekt, mədəniyyət və incəsənətin kəsişmə imkanlarını araşdırıb, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Mogao və Yulin mağaralarının divar rəsmlərinin süni intellekt modelləri vasitəsilə bərpası istiqamətində tədqiqatlar aparıb və real məlumatlar toplayıb.
Tədqiqat proqramı çərçivəsində Mogao mağaralarında, o cümlədən xüsusi mühafizə olunan 156, 158, 220, 45 və 57 nömrəli mağaralarda, ümumilikdə 21 mağarada elmi araşdırmalar aparılıb. Həmçinin Yulin mağaralarında, o cümlədən 2, 3, 4 və 25 nömrəli mağaralarda, ümumilikdə 9 mağarada tədqiqatlar həyata keçirilib. Beləliklə, yaşı min ildən çox olan ümumilikdə 30 mağarada elmi araşdırma aparılıb. Bununla yanaşı, İpək Yolunun mühüm tarixi abidələrindən biri olan Yumenguan (Yumen Keçidi) ziyarət edilib.
Dunxuan Akademiyasının təşkil etdiyi seminarlarda iştirak edən BMU magistrantı Sənur Məmmədli professor Liu Yongzeng ilə elmi müzakirələr aparıb.
Bundan əlavə, Qobi səhrasında yerləşən monumental “Damo Wen Ji” landşaft sənəti layihəsinin və “Wu Suo Cong Lai” instalyasiyasının müəllifləri, dünyada məşhur rəssamlar Zhang Huan və Hu Junjun ilə görüşlər keçirilib. Görüşlər zamanı süni intellektin incəsənətə inteqrasiyası imkanları müzakirə olunub.
Elmi fəaliyyətin ilkin mərhələsində nümunələri götürülən freskaların süni intellekt modelləri vasitəsilə uğurla bərpa edilməsi, eləcə də Dunxuan Akademiyasının təşkil etdiyi sənət emalatxanalarında fəal iştiraka görə gənc tədqiqatçı proqramın sonunda akademiya tərəfindən xüsusi sertifikat və hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, BMU ilə BUCEA arasında magistratura səviyyəsində ikili diplom proqramının icrasına ötən ildən başlanılıb. Hazırda bir qrup BMU tələbəsi BUCEA-da təhsillərini davam etdirir. Proqramı uğurla başa vuran tələbələr hər iki universitetin magistr diplomunu əldə edəcəklər.