Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
Moskva, 10 avqust, AZƏRTAC
Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 12 nəfər həlak olub, 39 yaralı var.
AZƏRTAC xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: “Son məlumata görə, düşmənin Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 12 nəfər həlak olub, 39 yaralı var. Yaralanan şəxslərə tibbi yardım göstərilir”.
Nijnekamsk şəhərindəki sənaye və mülki obyektlərin də kütləvi dron hücumuna məruz qaldığı bildirilir. Tatarıstan rəhbəri Rüstəm Minnixanov ölümlərlə əlaqədar matəm elan edib.
11:23
Rusiya mediasının verdiyi məlumata görə, Nijnekamsk şəhərinə edilən kütləvi dron hücumunda 10 nəfər ölüb, 15 yaralı var.
AZƏRTAC xəbər verir ki, şəhərdəki sənaye və mülki obyektlər də dron hücumuna məruz qalıb. Tatarıstan rəhbəri Rüstəm Minnixanov insan tələfatı ilə əlaqədar matəm elan edib.
“Bu səhər respublika düşmən dronlarının daha bir vəhşi hücumuna məruz qalıb. Nijnekamsk şəhərinə kütləvi hava hücumu davam edir. Hücum həm sənaye, həm də mülki obyektləri hədəf alır. Təəssüf ki, itkilər var”, - deyə Tatarıstan rəhbərinin mətbuat xidməti açıqlamasında bildirib.
Bundan əlavə, dünən gecə hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində sabit qanadlı 456 dronu ələ keçirib və məhv edib.
Voronej vilayətində vurulan dronların qalıqları yaşayış binaları və digər obyektlərə zərər verib. Rayonların birində yardımçı binada yanğın baş verib, həmçinin iki fərdi evdə pəncərələr sınıb, istilik boruları və hasarlar zədələnib.
Vilayətin bir bələdiyyəsində doqquz fərdi evin pəncərələri zədələnib və onlardan ikisində qaz borularının təmiri tələb olunur. Üç avtomobil və bir traktor da yararsız vəziyyətə düşüb. Başqa bir rayonda yaşayış binasının iki mərtəbəsində pəncərələr sınıb. Voronej vilayətində xəsarət alanlar barədə məlumat yoxdur.