SİYASƏT
DƏNİZÇİLƏRİN MƏDƏNİYYƏT EVİNDƏ “YENİ AZƏRBAYCAN” TƏŞVİQAT QRUPUNUN VƏKİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mədəniyyət evində “Yeni Azərbaycan” təşviqat qrupunun vəkilləri ilə dənizçilərin görüşü olmuşdur.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun vəkili Zahid Qaralov tədbiri açaraq bildirmişdir ki, Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı keçiriləcək referenduma bütün ölkədə ciddi hazırlıq işləri aparılır.
Referenduma hazırlıqla bağlı birinci mərhələnin arxada qaldığını qeyd edən Z.Qaralov demişdir ki, həmin mərhələdə YAP tərəfindən təşkil edilmiş “Yeni Azərbaycan” təşviqat qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyata alındıqdan sonra qanuna müvafiq qaydada fəaliyyətini qurmuş, yerlərdə çoxsaylı seminar-müşavirələr keçirilmişdir.
Görüşün keçirilməsindən məqsədin referendumla bağlı fevralın 18-dən başlanmış təşviqat işlərinə uyğun olaraq seçicilər arasında izahat işlərinin aparılmasından ibarət olduğu vurğulanmışdır.
Tədbirdə “Yeni Azərbaycan”, “Şəhər”, “Hüquq və demokratiya” təşviqat qruplarının vəkilləri, Milli Məclisin deputataları Ziyad Səmədzadə, Musa Quliyev və Fuad Muradov, Dəniz Akademiyasının əməkdaşı Firəngiz Rzayeva, “Şah İsmayıl Xətai” gəmisinin kapitanı Cabir Əsgərov və başqaları çıxış edərək, Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat vermişlər.
Görüşdə təklif olunan əlavələr və dəyişikliklərin başlıca məqsədi haqqında izahat işlərinin təşkili istiqamətində fikir mübadiləsi də aparılmışdır.
######