Deputat Ülviyyə Ağayeva: Rəqəmsal kapitalizm konseptinin yenidən nəzərdən keçirilməsinə ehtiyac duyulur
Madrid, 5 mart, AZƏRTAC
AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin İspaniyanın Granada şəhərində iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tarixi Əlhambra sarayında keçirilən iclasda müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edib. Deputatın məruzəsi sosial şəbəkələrdə ifadə azadlığı ilə bağlı olub.
Ülviyyə Ağayeva qeyd edib ki, sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. “Biz hamımız sosial media platformalarının müsbət və ya mənfi cəhətlərə malik olduğunu çox gözəl bilirik. Sosial şəbəkələr insan haqları konsepsiyası barədə məlumatlılığın artırılmasında mühüm rol oynaya bilər. Məsələn, insanların əsas hüquqlarından xəbərdarlığı, insan haqları pozuntularının ifşası, yaxud insan haqları müdafiəsinə ehtiyacı olan sahələrə daha böyük diqqətin göstərilməsi. Bu, öz növbəsində, insan hüquqlarının daha səmərəli şəkildə qorunması istiqamətində ciddi addımların atılmasını zəruri edir”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Deputat Ülviyyə Ağayeva bildirib ki, digər tərəfdən isə bu sahənin çoxsaylı mənfi cəhətləri də var. Bəzən sosial media platformaları milyonlarla istifadəçinin şəxsi məlumatlarını qorumağa müvəffəq olmur. Fərdi şəxslər onlayn portallara hücum etməklə mümkün qədər çox məlumat toplamaqda maraqlıdırlar. Məsələn, bəzi şirkətlər fərdlərin davranışlarını və vərdişlərini təhlil etmək üçün sosial şəbəkələr üzərindən məlumat toplayırlar. Bundan əlavə, yalan məlumatların və saxta xəbərlərin media məkanına yayılması məsələsi də var. İnternetdə şəxsi məlumatların nəzarətsiz toplanması ilə yanaşı, saxta xəbərlər və yalan məlumatların paylaşılmasının miqyası və sürəti rəqəmsal sahəni getdikcə zəhərləyir, insan hüquqları və demokratiya üçün də ciddi problemlər yaradır.
Diqqətə çatdırılıb ki, qlobal internet platformalarının həyatımızda daha dərin kök salmağa çalışdığı, sosial media platformalarının istifadəçiləri haqqında çoxlu məlumata malik olduqları, eləcə də saxta xəbərlərin geniş vüsət aldığı bir dövrdə fundamental insan hüquqlarını poza bilən bu cür hərəkətlərin qarşısını almaq üçün ilk addım sosial media şirkətləri tərəfindən atılmalıdır. İkincisi, qanun layihələrinin qəbul olunması, dövlətin bu problemlə mübarizə üsullarına uyğun olan vahid yanaşmanın formalaşmasını nəzərdə tutan mümkün yeni tənzimləmələrin araşdırılması vasitəsilə hökumət, vətəndaş cəmiyyəti və həmin şirkətlər arasında müəyyən növ əməkdaşlıq əlaqələri qurulmalıdır.
Azərbaycanlı deputat qeyd edib ki, saxta xəbərlərin yayılmasına gəldikdə isə rəqəmsal kapitalizm konseptinin yenidən nəzərdən keçirilməsinə ehtiyac duyulur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid