DEPUTATLAR ŞUŞA UĞRUNDA DÖYÜŞLƏRDƏ HƏLAK OLANLARIN XATİRƏSİNİ YAD ETDİLƏR
Mayın 7-də Milli Məclisin növbəti ümumi iclası olmuşdur. İclasın əvvəlidə parlamentin sədri Murtuz Ələsgərov məlumat verdi ki, mayın 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 10 ili tamam olur. O, əmin olduğunu bildirdi ki, işğal olunmuş bütün torpaqlar, o cümlədən Şuşa Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyətli və müdrik siyasəti nəticəsində azad ediləcəkdir.
Deputatlar qədim Azərbaycan şəhəri Şuşanın müdarfiəsi uğrunda döyüşlərdə həlak olanların xatirəsini bir dədiqəlik sükütla andılar.
Sonra deputatlar “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirəsini ikinci oxunuşda davam etdirdilər. Müzakirə başlanmazdan əvvəl Milli Məclisin sədri Murtuz Ələsgərov dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyev dövlət dili məsələsinin vacibliyini nəzərə alaraq, xüsusi Fərman vermişdir. Fərmanda Azərbaycan dilinin işlənməsi və qorunması sahəsində vəzifələr müəyyən edilir. O, bu qanun layihəsinin müzakirəsinin növbəti iclasda da davam etdirilməsini təklif edərək vurğuladı ki, parlamentdə işlənib hazırlanmış sənəd həm Prezidentin Fərmanına, həm də Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmalıdır.
Müzakirədə çıxış edən deputatlar rus məktəblərində Azərbaycan dili və tarixi tədrisinin aşağı səviyyədə olduğunu xüsusi nəzərə çarpdıraraq, qanun layihəsinə bu məsələyə diqqəti artırmaq barədə maddə əlavə olunmasını təklif etdilər. Qanun layihəsini “Azərbaycan dili haqqında” Qanun adlandırmağı təklif edənlər bunu onunla əsaslandırmağa çalışdılar ki, dilin işlənməsi və qorunması məsələləri sənədin ayrı-ayrı bölmələrində şərh olunmuşdur. Azərbaycan dilinin qorunması haqqında bölməyə yeni maddələr əlavə edilməsi və dilin saflığına nəzarət edən qurum yaradılması barədə təkliflər də irəli sürüldü.
Bütün deputatların çıxışlarında dövlət qulluğuna Azərbaycan dilini mükəmməl bilən şəxslərin qəbul olunmasının zəruriliyi vurğulandı.
Mayın 10-da Milli Məclis “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” Qanun layihəsinin müzakirəsini davam etdirəcəkdir.