DEPUTATLARIMIZ AŞPA-DA FƏALLIQ GÖSTƏRİRLƏR
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ikinci iş günündə Rusiya Federasiyasının öhdəlikləri yerinə yetirməsi məsələsi müzakirə olunmuşdur. Azərbaycan nümayəndə heyətinin üzvləri Səməd Seyidov və Əli Hüseynov çıxış edərək, son zamanlar Rusiyada gedən prosesləri dəstəkləmiş, demokratik islahatların aparılmasını xüsusi vurğulamış, ölüm hökmünün ləğv edildiyini, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında müsbət irəliləyişlər olduğunu xatırlatmışlar.
Sessiyada Nazirlər Komitəsinin fəaliyyəti barədə Nazirlər Komitəsinin sədri, Litva Respublikasının xarici işlər naziri Antanas Valionisin çıxışı dinlənilmişdir. Çıxışdan sonra sədr əvvəlcədən katibliyə təqdim olunmuş və AŞPA-nın rəsmi sənədində öz əksini tapmış suallara cavab vermişdir. Nümayəndə heyətimizin üzvü Rəfael Hüseynov ona aşağıdakı sualla müraciət etmişdir:
- Avropa Şurası üzv ölkələrin ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə dəfələrlə bəyan etmişdir. Azərbaycanın ərazi bütövlüyü Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən rəsmən tanındığı halda, üzv dövlətlərdən biri - Ermənistan onun ərazisinin 20 faizini işğal altında saxlayır. Avropa Şurasının Nizamnaməsini kobud şəkildə pozan Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər və onun Avropa Şurasının tərkibində qalması nə dərəcə qanunauyğundur?
A.Valionis: Cənab Hüseynovun yazılı şəkildə verdiyi sualla bağlı bildirmək istəyirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva 2001-ci il sentyabr ayının 19-da bu məsələ ilə bağlı Nazirlər Komitəsinə müraciət etmişdir və ona cavab verilmişdir. Bu cavabda Nazirlər Komitəsinin məsələyə münasibəti açıqlanmışdır: Avropa Şurası hər bir ölkənin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımaq barədə beynəlxalq normalara əməl olunmasını üzv dövlətlərdən tələb edir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan və Ermənistan bu beynəlxalq təşkilata üzv olarkən Dağlıq Qarabağ problemini dinc yolla həll etmək barədə öhdəlik götürmüşdülər. Bu öhdəliyə sözsüz əməl olunmalıdır. Əgər hər iki dövlət onu yerinə yetirməzsə, Nazirlər Komitəsi bunu onlara xatırlatmaqda davam edəcəkdir.
İş gününün sonunda Avropada yeni iqtisadiyyat, kompüter texnologiyasından istifadə və Şərqi Avropanın inkişafı ilə bağlı məsələlərin müzakirəsində deputat Səməd Seyidov çıxış edərək, ölkəmizdə bazar iqtisadiyyatının geniş tətbiq olunduğunu, respublika Prezidenti Heydər Əliyevin rəhbərliyi altında yeni islahatlar aparıldığını, xarici sərmayələrin adambaşına həcminə görə Azərbaycanın MDB ölkələri arasında birinci, Şərqi Avropa dövlətləri arasında isə beşinci yer tutduğunu bildirmişdir. Azərbaycan nümayəndəsi vurğulamışdır ki, ərazimizin 20 faizinin işğalı, bir milyondan artıq qaçqın-köçkün olmasaydı, Ermənistan regionda qeyri-kostruktiv siyasət aparmasaydı, ölkəmiz daha sürətlə inkişaf edə bilərdi.
Səməd Seyidovun çıxışı böyük maraqla qarşılanmışdır.
Əsgər Əliyev
AZƏRTAC -ın xüsusi müxbiri
Strasburq