SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar dekabrın 29-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri Ulu Öndərin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.
Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə müsahibəsində bildirib ki, bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi uğurla davam edir. Bu məsələ Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Ulu Öndərin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı xaricdə yaşayan azərbaycanlılara hər zaman böyük diqqət və qayğı göstərir.
Komitə sədri deyib ki, Ümummilli Liderin təsis etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü çox önəmli gündür və dünya azərbaycanlılarının birliyində mühüm rol oynayır. İllər keçdikcə biz Ulu Öndərin bu addımının nə qədər müdrik bir addım olduğunu görürük. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan daha da inkişaf edir və dünyada tanınır.
Nazim İbrahimov qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar bir-biriləri ilə mütəmadi əlaqə saxlayır, bütün məsələlərdə bir yerdə olurlar. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onlar böyük işlər görürlər, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirirlər. Onlar çalışırlar ki, gələcəkdə dünya azərbaycanlılarının həmrəyliyi daha yüksək səviyyəyə çatsın və Azərbaycanın əsl elçilərinə çevrilsinlər.