DİM-də 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə görüş keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Etika Akademiyası və “PAŞA Holdinq”in “Sənətim - gələcəyim” birgə layihəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinə hazırlaşan 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə görüş keçirilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara imtahana hazırlaşmalarına dair vacib tövsiyələr verilib. Şagirdlərə peşə seçimi istiqamətində - seçilən ixtisasın dərindən tədqiqi, peşə maraqlarının və meyillərinin təhlili, hərtərəfli düşünmək, praqmatik qərar vermək və digər məsələlər haqqında tövsiyələr də verilib.