CƏMİYYƏT
DİN: Qadının həyat yoldaşına xəsarət yetirməsi faktına ekspertizanın rəyindən sonra hüquqi qiymət veriləcək
![DİN: Qadının həyat yoldaşına xəsarət yetirməsi faktına ekspertizanın rəyindən sonra hüquqi qiymət veriləcək](/files/2022/1/1200x630/16468107203498226984_1200x630.jpg)
Bakı, 9 mart, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin həyətində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti - zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın övladlarını ona göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Həmin şəxs polis əməkdaşları tərəfindən şöbəyə dəvət edilib və onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə olunub. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov polisə yenidən müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.
Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib və onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunundan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.