ELM VƏ TƏHSİL
“Diqqət uşaqlar” devizi altında hərəkətin təhlükəsizliyi aylığına yekun vurulub
Bakı, 16 oktyabr, AZƏRTAC
“Diqqət uşaqlar” devizi altında hərəkətin təhlükəsizliyi aylığına yekun vurulub. Bakının ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində respublikada elan olunan “Hərəkətin təhlükəsizliyi” aylığı çərçivəsində məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması, təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə ərazi yol polisi əməkdaşları, valideynlər, ictimai qurumların nümayəndələri ilə birlikdə maarifləndirici tədbirlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən AZƏRATC-a bildiriblər ki, təhsil müəssisələrində “Üç möcüzəli rəng: qırmızı, yaşıl, sarı”, “Yol hərəkəti qaydalarını vurma cədvəli kimi yadında saxla”, “Kim yol hərəkəti qaydalarını yaxşı bilir”, “Yüksək sürət - can alır”, “Stop - dayan yol hərəkəti qaydalarına əməl et”, “Yol nişanlarını tanıyaq”, “İşıqfor məktəbi”, “Yol hərəkətinin əlifbası”, “Yol hərəkəti qaydaları ölkəsinə səyahət” və digər mövzularda müxtəlif tədbirlər, müsabiqələr keçirilib. Məktəblilərə yol hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, iştirakçılara kitabçalar, bukletlər və plakatlar paylanıb.
Eyni zamanda, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “Hərəkətin təhlükəsizliyi aylığı” ilə əlaqədar seminarlar keçirilib.