İDMAN
Dirk Şimmelpfenniq: Bakıda keçirilən birinci Avropa Oyunları bütöv bir mərhələdir!
Berlin, 23 iyun, AZƏRTAC
Almaniyada çıxan awdnews.com nəşrinin verdiyi məlumata görə, Bakıda keçirilən birinci Avropa Oyunlarında Almaniya nümayəndə heyətinin rəhbəri, əvvəllər AFR Stolüstü Tennis Federasiyasının rəhbəri olmuş Dirk Şimmelpfenniq Oyunların təşkili səviyyəsi barədə yüksək fikir söyləyib
(http://de.awdnews.com/sport/deutscher-chef-de-mission-europaspiele-«meilenstein»).
“Avropa Oyunları idman tarixində bütöv bir mərhələ oldu. Bakıdakı idman arenaları, atletlər kəndi, otaqların ölçüləri və başqa göstəricilər - bütün bunlar Olimpiya standartlarına uyğundur. Buna görə də siz Olimpiadaya ev sahibliyi etmək üçün cəsarətlə sifariş verə bilərsiniz”, - deyən Şimmelpfenniq bununla bərabər, belə bir fərziyyə söyləyib ki, Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizədə rəqiblərə qalib gəlmək Bakı üçün asan olmayacaq.
Şimmelpfenniq Almaniya komandasının çıxışlarından, xüsusən qazanılmış medalların statistikasından da razı qaldığını bildirərək Dmitri Ovçarovun uğurunu xüsusi qeyd edib. Almaniya nümayəndə heyətinin rəhbəri almaniyalı avarçəkənləri, atıcıları və su idmanı növlərinin təmsilçilərini tərifləyib, lakin onu da qeyd edib ki, düzdür, almaniyalı vaterpolçular ilk səkkizliyə düşüblər, lakin onlar daha yaxşı çalışaraq medalçılar sırasında ola bilərdilər.
Dirk Şimmelpfenniq əlavə edib ki, Oyunlara ev sahibliyi edən ölkə kimi Azərbaycanın yaxşı çıxış etməsi çox vacibdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin