SİYASƏT
DONORLAR PROQRAMIN YERİNƏ YETİRİLMƏSİ MÜDDƏTİNİ UZALTMIŞLAR
BMT-nin İnkişaf Proqramı və ölkənin hökuməti ilə yanaşı, Yaponiya, ABŞ, Kanada, Norveç hökumətlərinin və Avropa Komissiyasının iştirak etdiyi “Azərbaycanda mina təhlükəsi ilə mübarizə” proqramının donorları onun yerinə yetirilməsi müddətini ilin sonunadək uzatmaq barədə razılığa gəlmişlər.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən bildirmişlər ki, 1999-cu ilin aprel ayından proqram çərçivəsində xeyli iş görülmüşdür: agentliyin mərkəzi qərargahı və Horadiz və Füzuli ofisləri üçün ixtisaslı kadrlar hazırlanmış, texniki nəzarət və minalardan təmizləmə üzrə dəstələr yaradılmış və tamamilə təchiz olunmuşdur. İndiyədək 930 min kvadratmetr ərazi minalardan təmizlənmiş və külli miqdarda döyüş sursatı zərərsizləşdirilmişdir.
Lakin proqramın yerinə yetirilməsi müddətinin uzadılması barədə qərar donorların hamısı tərəfindən təqdir olunsa da, hələlik əlavə maliyyə vəsaitinin ayrılmasından söhbət getmir. Xatırladaq ki, proqramın ümumi dəyəri 5 milyon 398 min dollardır.