İQTİSADİYYAT
Doris Loytard: İsveçrə gələcəkdə Azərbaycandan qaz idxal etmək üçün danışıqlar aparılmasında maraqlıdır
Bakı, 14 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində İsveçrə Konfederasiyasının Enerji, Ətraf Mühit, Rabitə və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti ilə görüş olmuşdur. Görüşdə enerji sahəsinə dair müzakirələr aparılmışdır.
AZƏRTAC xəbər verir ki, sənaye və energetika naziri Natiq Əliyev Azərbaycan ilə İsveçrə arasında istər diplomatik, istərsə də iqtisadi əlaqələrin yüksək templə inkişaf etdiyini bildirmişdir. Enerji sahəsində də birgə layihələrin həyata keçirildiyini diqqətə çatdıran nazir, əlaqələri daha da inkişaf etdirmək üçün belə görüşlərin keçirilməsinin vacibliyini qeyd etmişdir. Nazir Azərbaycanda bütün sahələrdə olduğu kimi, enerji sahəsində də uğurlu siyasət həyata keçirildiyini deyərək son dövrlərdə qazanılan uğurlardan da danışmışdır.
İsveçrənin enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri xanım Doris Loytard görüş iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təbrik etmişdir. Azərbaycan ilə İsveçrə arasında mövcud əlaqələrin yüksək templə inkişaf etdiyini söyləyən nazir bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə ümid etdiyini diqqətə çatdırmışdır. D.Loytard hazırda İsveçrənin xam neft idxal etdiyi ikinci ən etibarlı tərəfdaşının Azərbaycan olduğunu vurğulamış və gələcəkdə Azərbaycandan qaz idxal etmək üçün danışıqlar aparılmasında maraqlı olduqlarını bildirmişdir.