SİYASƏT
DÖVLƏT DEPARTAMENTİ BEYNƏLXALQ TERRORİZMƏ QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ AZƏRBAYCAN - ABŞ ƏMƏKDAŞLIĞINI YÜKSƏK DƏYƏRLƏNDİRİR
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxşı əməkdaşlıq edir. Bu fikir dövlət departamentinin yaydığı hesabatda öz əksini tapmışdır.
Sənəddə deyilir ki, 11 sentyabr terror hadisələrindən dərhal sonra Azərbaycan dövləti ABŞ-la tam yekdil olduğunu elan edərək, antiterror koalisiyasına qoşulmuş və ona hər cür kömək göstərməyə hazır olduğunu bildirmişdir. Azərbaycan öz hava ərazisindən və bazalarından ABŞ-ın istifadə etməsinə və hüquq-mühafizə orqanlarının məlumat mübadiləsi sahəsində əlaqələrinə kömək göstərməklə yanaşı, Birləşmiş Ştartlara tam siyasi dəstək vermişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə istiqamətində atdığı bütün addımları dəstəklədiyini öz çıxışlarında dəfələrlə bildirmişdir. Respublika parlamenti BMT-nin Terrorizmi Maliyyələşmə Yollarının Qarşısının Alınması Konvensiyasına Azərbaycanın qoşulduğunu elan etmiş və digər 8 sənədə də imza atmışdır.
Hesabatda daha sonra deyilir ki, Çeçenistan yaraqlılarını dəstəkləyən beynəlxalq terror şəbəkələrinin ölkə ərazisindəki fəaliyyətinin qarşısı Azərbaycan dövlətinin səyləri nəticəsində alınmışdır. Azərbaycanın hüquq-mühafizə orqanları “Hizbut-təhrir” və “Ceyşullah” kimi terror təşkilatlarının üzvlərini həbs etmiş, quru və dəniz sərhədlərində təhlükəsizliyi möhkəmləndirmiş, sərhədləri qanunsuz şəkildə keçənlərin qarşısını almış və digər mühüm tədbirlər həyata keçirmişlər.
Sənəddə GUÖAM təşkilatı ilə ABŞ-ın beynəlxalq terrorizmlə qarşı mübarizə sahəsində əməkdaşlığı nümunə kimi göstərilərək, bildirilir ki, bu mübarizə həm müsəlman, həm də qeyri-müsəlman xalqların mədəni və mənəvi dəyərlərini müdafiə etmək naminə aparılır.
Şəfər Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton