CƏMİYYƏT
Dövlət Gömrük Komitəsinin Akademiyasında ən müasir tədris üsulları tətbiq olunacaq
![Dövlət Gömrük Komitəsinin Akademiyasında ən müasir tədris üsulları tətbiq olunacaq](/files/2014/2/1200x630/14087754603585215866_1200x630.jpg)
Bakı, 23 avqust (AZƏRTAC). Dövlət Gömrük Komitəsinin Akademiyasında bu ali təhsil ocağına qəbul olan tələbələrin valideynləri ilə görüş keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə akademiyanın məram və prinsipləri, tətbiqi nəzərdə tutulan tədris üsulları, gömrük işinin təşkilində yüksək ixtisaslı kadrlara olan tələbat haqqında məlumat verilib.
Akademiyaya qəbul olunan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcək. Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində tədrisi planlaşdırılır. Tələbələrdən 16-sı dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq. Təhsil prosesi əsasən elektron variantda həyata keçiriləcək. Auditoriyalarda quraşdırılan kameralar vasitəsilə təhsil prosesinə daim nəzarət etmək mümkün olacaq.
Görüşdə təhsil prosesində tətbiq ediləcək daha bir yenilikdən də bəhs olunub. Belə ki, valideynlər xüsusi şifrələr vasitəsilə virtual olaraq övladlarının qiymətləri, tədris prosesində göstərdikləri fəallıq barədə məlumat ala biləcəklər.
Daha sonra valideynləri maraqlandıran suallar ətraflı cavablandırılıb.