DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ GÖRÜŞ
ARDNŞ prezidenti qonaqların Azərbaycana səfərinin əlamətdar bir dövrə - Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin istismara verildiyi günlərə təsadüf etdiyini söyləmiş, bu böyük uğurda “Hallibörtn” şirkətinin əməyini yüksək qiymətləndirmişdir.
Devid Lezar rəhbəri olduğu şirkətin xarici münasibətlərində Azərbaycanın strateji yer tutduğunu bildirmiş, BTC layihəsinin uğurla başa çatması münasibətilə ARDNŞ rəhbərliyini təbrik etmiş və bu böyük layihənin həyata keçirilməsinə az da olsa töhfə verdikləri üçün fəxr etdiklərini söyləmişdir. Devid Lezar bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü və bu görüşdən zəngin təəssüratla ayrıldığını vurğulamışdır. Qonaq demişdir ki, ARDNŞ-lə bir neçə layihədə əməkdaşlıq etmişlər və Xəzərin Azərbaycan sektorunda ARDNŞ-i daha böyük layihələrin gözlədiyini yaxşı bilirlər və bundan sonra da əməkdaşlığa həmişə hazırdırlar.
ARDNŞ-in prezidenti bildirmişdir ki, Qazaxıstan və Türkmənistan neftinin BTC vasitəsilə Avropaya nəql olunması bu gün bütün dünyanın diqqət mərkəzində duran məsələlərdəndir. Şübhə yoxdur ki, BTC-nin genişləndirilməsi layihələri üzrə nəzərdə tutulan irimiqyaslı mühəndis-texniki işlərdə “Hallibörtn” şirkətinin böyük təcrübəsindən yararlanmağa ehtiyac olacaqdır.
Rövnəq Abdullayev əmin olduğunu bildirmişdir ki, BTC layihəsində ARDNŞ-in tərəf-müqabili kimi öz müsbət keyfiyyətlərini nümayiş etdirmiş ABŞ şirkəti ilə bundan sonra da səmərəli əməkdaşlıq üçün yeni fəaliyyət sahələri yaranacaqdır.
Görüşün sonunda ARDNŞ-in prezidenti qonaqlara BTC-nin istismara verilməsinə dair rəmzi xatirə hədiyyələri təqdim etmişdir.