Dövlət Proqramı tələbələri ABŞ-də Beynəlxalq Beyin Mərkəzində yekun tədqiqat layihələrini təqdim ediblər
Bakı, 15 may, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin Minnesota Universitetinin Humphrey İdarəçilik Məktəbində təhsil alan Nəriman Kərimli, Orxan Hüseynzadə və Rəsul Feyzullayev yekun tədqiqat layihələrini Vaşinqton şəhərində yerləşən “Stimson” Beynəlxalq Beyin Mərkəzində təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, tələbələrin hazırladığı layihə “Qlobal güc mərkəzlərinin təhlükəsizlik sahəsində rəqabəti: Çin, ABŞ və Rusiya yanaşmaları” mövzusuna həsr olunub. Tədqiqat çərçivəsində böyük güclərin təhlükəsizlik əməkdaşlığı, hərbi yardım, regional tərəfdaşlıqlar və strateji təsir mexanizmləri müqayisəli şəkildə təhlil edilib. Layihədə Çin, ABŞ və Rusiyanın müxtəlif regionlarda təhlükəsizlik sahəsində istifadə etdikləri yanaşmaların beynəlxalq münasibətlərə, regional sabitliyə və qlobal təhlükəsizlik arxitekturasına təsirləri araşdırılıb.
Layihə iştirakçılarından Nəriman Kərimli AZƏRTAC-a müsahibəsində bildirib ki, bu təqdimat Dövlət Proqramı tələbələri üçün həm akademik, həm də peşəkar baxımdan əhəmiyyətli imkan yaradıb: “Humphrey İdarəçilik Məktəbində qazandığımız bilikləri beynəlxalq təhlükəsizlik və strateji təhlil sahəsində praktiki tədqiqat layihəsinə tətbiq etmək bizim üçün çox dəyərli təcrübə oldu. Layihəmizi Vaşinqtonda yerləşən və beynəlxalq siyasət sahəsində nüfuzlu tədqiqat mərkəzlərindən biri hesab olunan “Stimson” Beynəlxalq Beyin Mərkəzində təqdim etmək bizə akademik araşdırmanı real siyasət müzakirələri ilə əlaqələndirmək imkanı verdi. Bu təcrübə Dövlət Proqramının bizə yaratdığı beynəlxalq akademik və peşəkar inkişaf imkanlarının mühüm nümunələrindən biridir”.
Nəriman Kərimli layihənin Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regionlarda təhlükəsizlik arxitekturasının formalaşmasına təsir edən qlobal güc rəqabətinin daha dərindən anlaşılması baxımından da əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda artan regional liderliyi, nəqliyyat-kommunikasiya xətləri, enerji təhlükəsizliyi və beynəlxalq tərəfdaşlıqlar sahəsində rolu bu cür tədqiqatların aktuallığını daha da artırır.
Qeyd edək ki, “Stimson” Beynəlxalq Beyin Mərkəzi ABŞ-də və beynəlxalq səviyyədə tanınan aparıcı beyin mərkəzlərindən biridir. Mərkəz beynəlxalq təhlükəsizlik, strateji sabitlik, silahlanmaya nəzarət, regional təhlükəsizlik və qlobal idarəetmə kimi sahələr üzrə tədqiqatlar aparır və siyasət tövsiyələri hazırlayır. Layihənin belə nüfuzlu bir tədqiqat institutunda təqdim olunması tələbələrin akademik biliklərini real siyasət mühiti ilə əlaqələndirmələri baxımından mühüm təcrübə olub.
Müxbir – Aysel Azadqızı