“Şəhər yaşıllıqlarında landşaft memarlığı üslubu” mövzusunda konfrans
Bakı, 16 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və “Sea Breeze Resort”un birgə təşkilatçılığı ilə “Şəhər yaşıllıqlarında landşaft memarlığı üslubu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “Sea Breeze Resort”un yaranma tarixindən bəhs edən videoçarxın nümayişi ilə davam edib.
Botanika İnstitutunun direktor müavini, direktor vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva, “Sea Breeze Resort”un Hüquq şöbəsinin müdiri Fuad İsazadə və Yaşıllaşdırma idarəsinin rəisi Vüsal Gözəlov və digərləri çıxış edərək konfransın əhəmiyyətini vurğulayıblar.
Konfrans çərçivəsində biomüxtəlifliyin şəhər ekosistemlərinə təsiri, iqlim dəyişikliyi fonunda davamlı şəhər yaşıllıqları, landşaft memarlığında innovativ texnologiyalar, urban yaşıllıqlarının salınmasında vətəndaş cəmiyyətinin rolu, yaşıl məkanların monitorinqi və ictimai məkanların yenidənqurma layihələri kimi aktual mövzular müzakirə olunub.
Konfransın panel müzakirələri zamanı alim və mütəxəssislər şəhər və qəsəbələrin yaşıllaşdırılmasında istifadə olunan bitkilərin perspektivliyi, şəhər bağlarının ekoloji əhəmiyyəti, Qarabağın azad edilmiş ərazilərində ekoloji dizayn yanaşmaları, süni intellekt texnologiyalarının biomüxtəlifliyin qorunmasında tətbiqi, eləcə də dəyişən iqlim şəraitində Abşeron florasının öyrənilməsi kimi mövzularda məruzələrini təqdim ediblər.
Tədbir çərçivəsində gənc mütəxəssislərin hazırladığı və landşaft memarlığının gələcək istiqamətlərini əks etdirən xüsusi sərgi nümayiş olunub.