Azərbaycan məktəbliləri Türkiyənin qabaqcıl kosmik və texnologiya mərkəzlərində təcrübə qazanıblar
Ankara, 16 may, AZƏRTAC
“Azərkosmos”un nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın məktəblilər üçün beynəlxalq təcrübə mübadiləsi proqramı olan “STARTECH-2” layihəsinə uğurla yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin strateji insan resurslarının gücləndirilməsinə yönəlmiş çoxillik strategiyasının tərkib hissəsi olan bu proqramda 9-11-ci siniflərdə təhsil alan ümumilikdə 17 məktəbli iştirak edib.
“Azerbaijan British College”in şagirdi Mehri Asəliyeva proqram çərçivəsində Türkiyənin aparıcı kosmos, aerokosmos və müdafiə sənayesi müəssisələrində keçirilən interaktiv sessiyalara qatıldıqlarını bildirib.
Onun sözlərinə görə, mayın 16-də sona çatan proqram universitetə hazırlaşan bir tələbə üçün çox faydalı olub. “Həm təhsil, həm də əyləncəni özündə birləşdirən möhtəşəm bir təcrübə yaşadıq. Səfərimiz zamanı bir çox maraqlı şirkətləri ziyarət etdik və bu ziyarətlər mühəndislik sahəsinə olan seçimimi və marağımı daha da möhkəmləndirib. Gələcəkdə fəaliyyət göstərə biləcəyim, əvvəllər heç düşünmədiyim müxtəlif sahələr haqqında məlumat əldə etdim”, - deyə M.Asəliyeva qeyd edib.
“STARTECH-2” layihəsinin digər iştirakçısı 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Zəhra Bədəvi texnologiya, mühəndislik və xüsusilə aerokosmos sahəsinə böyük maraq göstərdiyi deyib.
“Böyük sənaye ölkələrindən biri olan Türkiyənin İstanbul, Ankara və Bursa şəhərlərində DOF Robotics, Marmara Teknokent, PLAN-S və TİTRA kimi texnoloji şirkətləri ilə yanaşı, GÜHEM - Gökmen Uzay Havacılık Mərkəzində təcrübə sessiyalarında iştirak etdik. Həm texniki biliklərimizi inkişaf etdirdik, həm də real layihə təcrübəsi qazandıq”, - deyə Z.Bədəvi vurğulayıb.
160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Banu Yusifli öz növbəsində aerokosmik mühəndis sahəsinə olan marağından danışıb.
“STARTECH-2” layihəsi çərçivəsində Türkiyənin qabaqcıl texnologiya və aerokosmik təşkilatlarını ziyarət etmək imkanı yarandığı qeyd edən B.Yusifli bildirib ki, yaddaqalan məqamlardan biri "Titra" şirkətində nümayiş olunan pilotsuz uçuş aparatları və digər müdafiə texnologiyaları olub. "PLAN-S"də peyklərin hansı komponentlərdən ibarət olduğunu və onların necə hazırlandığını öyrəndim. Ən həyəcanlısı isə GUHEM ziyarəti oldu. Orada biz aviasiya və kosmik simulyasiyalarda iştirak etdik. Bu təcrübə pilotların və kosmonavtların işinin nə dərəcədə çətin və məsuliyyətli olduğunu daha yaxşı anlamağa kömək etdi, məndə bu peşələrə qarşı dərin hörmət oyatdı”, - deyə o əlavə edib.
Murad Həsənli, Mircavad Rəhimli və digər məktəblilər də karyera seçimlərinə istiqamət verən, aerokosmik mühəndislik və yüksək texnologiyalar sahəsində strateji kadr kimi formalaşmasına dəstək olan, milli kosmik ekosistemin fəal iştirakçılarına çevrilmələrinə töhfə verən layihəni yüksək qiymətləndiriblər.